Sabir Rüstəmxanlı “Şöhrət” ordeni ilə təltif edildi
Bu gün Azərbaycan Respublikasının xalq şairi, “İstiqlalçı” deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı olan Sabir Xudu oğlu Rüstəmxanlının doğum günüdür.
Sabir Xudu oğlu Rüstəmxanlının 75 illiyi münasibətlə Prezident İlham Əliyev Sabir Rüstəmxanlıya “Şöhrət” ordeni verilməsi ilə bağlı sərəncam imzalayıb.
Sərəncamın mətnin təqdim edirik.
Sabir Xudu oğlu Rüstəmxanlının “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Sabir Xudu oğlu Rüstəmxanlı “Şöhrət” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 may 2021-ci il
Bildirək ki, Sabir Rüstəmxanlı 1946-cı il may ayının 20-də Yardımlının Hamarkənd kəndində anadan olub.
Əmək fəaliyyətinə tələbəlik illərindən başlamış, 1967-ci ildə Azərbaycan Yazıçılar İttifaqının orqanı olan “Ədəbiyyat və incəsənət” qəzetində işə qəbul edilmişdir.1974–1975-ci illərdə ordu sıralarında xidmət etmişdir.
Bu sırada elmi işlə də məşğul olmuş, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirmişdir. S.Rüstəmxanlı 1976-cı ildə “Molla Nəsrəddin” və folklor” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsinə yiyələnmişdir.
1978-ci ildən “Yazıçı” nəşriyyatında şöbə müdiri, baş redaktorun müavini, baş redaktor, 1989–1991-ci illərdə “Azərbaycan” qəzetinin baş redaktoru olub. 1991-ci ildən Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsinin sədri, 1992–1995-ci illərdə mətbuat və informasiya naziri vəzifələrində çalışıb. 1992-ci ildən yaratdığı Vətəndaş Həmrəyliyi Partiyasının sədridir.
Sabir Rüstəmxanlı 1990-cı ildən 2015-ci ilin 24 noybrınadək Milli Məclisin deputatı olub. 9 fevral 2020-ci ildə Milli Məclisə yenidən deputat seçildi.
Sabir Rüstəmxanlı erkən yaşlarından məşğul olduğu ədəbi fəaliyyət 1967-ci ildən onun əsas peşəsinə çevrilmişdir. 1967–1978-ci illər ərzində “Ədəbiyyat və incəsənət” qəzetində xüsusi müxbir və şöbə müdiri, 1978–1989-cu illər arasında isə “Yazıçı” nəşriyyatının baş redaktoru olmuş, yüzlərlə elmi, ədəbi-tənqidi, publisistik yazı çap etdirmişdir. İlk kitabı 1970-ci ildə nəşr edilmişdir. O vaxtdan bəri Azərbaycanda, Türkiyədə, Rusiyada, İsveçdə 20-dən artıq şer, nəsr, publisistika kitabları nəşr edilmişdir. Kitabları Azərbaycanın yüksək ədəbi ödüllərinə layiq görülmüş, onun adını bütün türk dünyasında və əski Sovetlər Birliyində tanıtdırmışdır. “Ömür kitabı” adlı əsəri Azərbaycanda xalqın milli və yurdsevərlik duyğularının oyanmasında ciddi rol oynamış və 1988-ci il milli azadlıq hərəkatının mənəvi təməllərindən biri olmuşdur. “Tanımaq istəsən”, “Xəbər gözləyirəm”, “Gəncə qapısı”, “Sağ ol, ana dilim!”, “Qan yaddaşı”, “Zaman məndən keçir” və sair kimi şer kitablarının, “Bütövlük”, “Didərginlər”, “Cavad xan”, “Orxonla görüş” poemaların, “Bu sənin xalqındır” publisistik yazılarından ibarət əsərin, “Atamın ruhu”, “Xətai yurdu”, “Göy Tanrı”, “Ölüm Zirvəsi (Cavad xan)”, “Difai Fədailəri”, “Sunami” romanlarının müəllifidir. Əsərləri bir çox dünya xalqlarının dillərinə tərcümə olunub. 2005-ci ildə Xalq Şairi fəxri adına layiq görülmüşdür.
Sabir Rüstəmxanlı 1989-cu ildə Azərbaycanda ilk müstəqil, demokratik qəzet olan “Azərbaycan”ı təsis etmiş, iki il onun baş redaktoru olmuşdur.
1990-cı ildə Azərbaycan Xalq Cəbhəsindən Parlamentə deputat seçilmiş, Demokratik deputat fraksiyasının həmsədri, Qaçqınlarla iş komissiyasının sədri olmuşdur.
26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir.
1991–1995-ci illərdə Mətbuat və İnformasiya naziri vəzifəsini icra etmişdir.
1992-ci ildə bir qrup ziyalı ilə Vətəndaş Həmrəyliyi Partiyasını təsis etmişdir, bu günə qədər partiyanın sədridir.
1995-ci ildə Mətbuat və informasiya naziri vəzifəsindən istefa vermişdir.
S.Rüstəmxanlı Azərbaycanın ən böyük diaspora təşkilat olan Dünya Azərbaycanlıları Konqresinin üzvüdür. Müxtəlif vaxtlarda konqresin Məclis sədri, İdarə Heyətinin üzvü və sədri olmuşdur. 2008 və 2011-ci illərdə Dünya Azərbaycanlıları Konqresinə keçirilən X və XI qurultaylarında həmsədr seçilmişdir.
Biz də Realliq.Tv olaraq dəyərli aydınımıza çan sağlığı və işlərində yeni-yeni uğurlar diləyirik.