Sahibə Qafarova: “Sülh müqaviləsinin imzalanması üçün…”

Spiker Sahibə Qafarova parlamentin 13 may tarixli iclasında öncə, Milli Məclisin nümayəndə heyətinin İsveçrə Konfederasiyasına mayın 9-dan 11-dək davam etmiş rəsmi səfəri barədə deputatları qısaca məlumatlandırdı.

Reallıq Tv. xəbər verir ki, spiker aşağıdakıları bildirdi:

“Bildiyiniz kimi, İsveçrə dünyanın inkişaf etmiş dövlətlərindən biridir. Mərkəzi Avropada yerləşən bu dövlətin ərazisi 41 min kvadrat-kilometrdən artıq, əhalisinin sayı 8,5 milyon nəfərdir. Azərbaycan Respublikası İsveçrə Konfederasiyası ilə ikitərəfli münasibətlərin inkişafına böyük əhəmiyyət verir. Ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli siyasi dialoq Davosda keçirilən Dünya İqtisadi Forumunun illik toplantıları gedişində dövlət başçılarının müntəzəm görüşləri, habelə parlament ölçüsü çərçivəsində, ayrı-ayrı nazirliklər səviyyəsində ikitərəfli təmaslar vasitəsi ilə təmin edilir”.

S.Qafarova qeyd etdi ki, mayın 10-da Milli Məclisin nümayəndə heyəti Azərbaycanın İsveçrədəki səfirliyində olub: “Ənənəvi olaraq, səfirliyin binasında xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə gül dəstələri düzüldü və onun əziz xatirəsi anıldı. Qeyd olundu ki, mayın 10-da böyük siyasi və dövlət xadimi, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü tamam olur. Ulu öndərin dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətləri dövlətçilik tariximizin ən parlaq səhifələrini təşkil edir. Bildirildi ki, ümummilli liderin müəyyənləşdirdiyi inkişaf strategiyası onun layiqli siyasi varisi möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Elə həmin gün İsveçrə Federal Məclisi Milli Şurasının sədri xanım İren Kalin, Kantonlar Şurasının sədri cənab Tomas Hefti, mayın 11-də isə İsveçrə Konfederasiyasının vitse-prezidenti cənab Alan Berset ilə ayrı-ayrı görüşlərimiz oldu. Aparılan söhbətlərdə ölkələrimizin siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə ikitərəfli münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə edildi. İsveçrənin ali vəzifəli şəxsləri öz ölkələrinin Azərbaycana mühüm tərəfdaş kimi yanaşdığını nəzərə çatdıraraq, dövlətimizin ərazi bütövlüyünü hər zaman dəstəklədiyini xüsusi vurğuladılar”.

Spiker qeyd etdi ki, o, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən qlobal enerji və nəqliyyat layihələri haqqında məlumat verərək, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunu qeyd edib, Azərbaycanın mühüm nəqliyyat qovşağına çevrildiyini diqqətə çatdırıb: “İsveçrə ilə Azərbaycan arasında oxşar cəhətlərdən danışarkən ölkəmizdə mövcud olan multikulturalizm və tolerantlıq mühiti haqqında məlumat verdim. Bildirdim ki, multikulturalizmi dövlət siyasəti elan edən Azərbaycan bütün dünyada mədəniyyətlərarası dialoqu, sülh və əməkdaşlığı təşviq edir. Görüşlər zamanı Azərbaycan ilə İsveçrənin qanunvericilik orqanları arasında əməkdaşlıq məsələləri müzakirə olundu. Qeyd edildi ki, hazırda parlamentlərimiz arasında səmərəli iş birliyi mövcuddur. Müntəzəm təmaslar və fikir mübadiləsi əlaqələrin daha da genişlənməsinə xidmət edir. Parlament komitələrinin qanunvericilik fəaliyyəti sahəsində təcrübə mübadiləsinin ikitərəfli münasibətlərin daha da dərinləşməsi üçün yeni imkanlar yarada biləcəyi də qeyd olundu”.

Sədr dedi ki, xarici ölkələrə bütün səfərlərimizdə olduğu kimi, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Qələbə haqqında məlumat verib: “İşğal dövründə vandallar tərəfindən törədilmiş kütləvi dağıntılar, işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması ilə bağlı həyata keçirilən geniş miqyaslı layihələr haqqında danışdım. Münaqişənin həllindən sonra regionda yeni reallıqların və imkanların yarandığı bildirildi, daimi sülh, təhlükəsizlik və əməkdaşlığa nail olmaq üçün Azərbaycanın irəli sürdüyü təkliflər barəsində də məlumat verildi. Qeyd edildi ki, sülh müqaviləsinin imzalanması üçün Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Görüşlərdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı. Düşünürəm ki, səfər uğurlu keçdi və mən nümayəndə heyətinin üzvlərinə öz təşəkkürümü bildirirəm”.