Samir Şərifov: “Azad edilmiş ərazilərin bərpası üçün 9 milyard 700 milyon vəsait xərclənib”

Milli Məclisdəki “2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən maliyyə naziri Samir Şərifov bir sıra vacib məsələlərdən bəhs etdi. Nazir dedi ki, 2023-cü ildə qarşıya qoyulan əsas vəzifələrdən başlıcası Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdışın təmin edilməsidir: “Ölkəmizin maliyyə imkanlarının ildən-ilə artması bir neçə sahədə maliyyə xərclərinin daha da artırılmasına təminat verir. Bizim əsas hədəflərimizdən biri Ordumuzun müasir, mütəşəkkil hərbi qüvvədə təkmilləşdirilməsidir, buna dövlət büdcəsinin imkanı da çatır. Azad edilmiş ərazilərin bərpa edilməsi ilə o torpaqlarda iqtisadi fəaliyyətin canlandırılmasına xüsusi diqqət yetirilir. Bununla bağlı bir sıra qanun layihələri Milli Məclisə təqdim edilib”.

S.Şərifov digər sahələrə ayrılan vəsaitlərdən də bəhs etdi: “Vətən müharibəsində tarixi qələbəmizdən dərhal sonra azad edilmiş ərazilərdə başlayan quruculuq işlərinə cari il üzrə istifadə olunmamış bəzi vəsaitlərin də bu istiqamətə sərf edilməsi ilə toplam 9 milyard manatdan artıq vəsait yönəldilib”. Nazir bildirdi ki, azad edilmiş ərazilərin bərpası üçün 9 milyard 700 milyon vəsait xərclənib: “Azad edilmiş ərazilərin bərpa edilməsi ilə o torpaqlarda iqtisadi fəaliyyətinin canlandırılması məqsədilə bir sıra qanun layihələri də Milli Məclisə təqdim edilib. Prezidentin azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin həyata keçirilməsi ilə bağlı sərəncamının həyata keçirilməsi üçün Vergi Məcəlləsinə, Əmək Məcəlləsinə, Miqrasiya Məcəlləsinə və s. dəyişikliklər hazırlanıb”.