SOCAR-ın yenidən təşkilinin arxasında nə durur – Rövnəq Abdullayevin sonu necə olacaq?
Yanvarın 23-də Azərbaycan prezidenti İlham Əliyev ölkənin Dövlət Neft Şirkətinin – SOCAR idarə edilməsinin təkmilləşdirilməsi haqda fərman imzalayıb.
Sərəncamda deyilir ki, idarəetməni yaxşılaşdırmaq üçün SOCAR-ın 7 nəfərdən ibarət Müşahidə Şurası yaradılır və onun sədrini ölkə prezidenti təyin edir.
Eyni zamanda, Azərbaycan İnvestisiya Holdinqinə SOCAR-ın nizamnaməsinin və strukturunun təsdiqlənməsi, nizamnamə kapitalının həcminin müəyyən edilməsi, maliyyə hesabatlılığının təsdiqlənməsi, SOCAR-ın mənfəətlərinin bölüşdürülməsi; dividend siyasətinin təsdiqlənməsi; qiymətli kağızların buraxılması haqda qərarlar; xüsusi əhəmiyyətli əqdin bağlanması haqda qərarlar (SOCAR-ın xalis aktivlərinin dəyərinin 25%-dən artıq məbləğdə) həvalə edilir.
Dövlət başçısının digər sərəncamı ilə SOCAR Müşahidə Şurasının tərkibi təsdiqlənib:
İqtisadiyyat naziri Mikayıl Cabbarov sədr təyin edilib;
Şuranın üzvləri:
Emin Hüseynov-Azərbaycanın birinci vitse-prezidentinin köməkçisi;
İsrafil Məmmədov – Dövlət Neft fondunun icraçı direktoru;
Elnur Soltanov – energetika nazirinin müavini;
Azər Bayramov – maliyyə nazirinin müavini;
Rövşən Nəcəf- iqtisadiyyat nazirinin müavini;
Ruslan Əlixanov -Azərbaycan İnvestisiya Holdinqinin direktoru.
Qeyri-rəsmi məlumatlara görə, SOCAR-ın strukturunda ciddi islahatlar aparılacaq və bölünəcək. Bundan əlavə, idarəetmənin təkmilləşdirilməsi haqda fərman qiymətli kağızların buraxılmasını nəzərdə tutur ki, bu da gələcəkdə SOCAR-ın özəlləşdirilməsinin mümkünlüyünə dair dolayı sübutdur.
turan.az
P.S Müşahidə Şurasının yaradılması SOCAR – da kadr dəyişikliyini labüd edir. Belə olan halda bir sual ortaya çıxır – Rövnəq Abdullayevin və komandasının sonu necə olacaq. Cavab qısa da ola bilər – Rövnəq Abdullayev və ətrafının həbs prosesinin başlanğıcı.