Sovet rejiminə qarşı baş verən Gəncə üsyanından 101 il ötür

Azərbaycan Türk Ocağı 101 il öncə rus işğalına qarşı Gəncədə başlanan müqavimət hərəkatı barədə xalqa müraciət ünvanlayıb
Müraciətdə tarixi şəraitə, vəziyyətə toxunularaq deyilir:
1920-ci il mayın 25-dən başlayaraq  sovet rejiminə qarşı bir neçə gün davam edən Gəncə üsyanından 101 il ötür. Üsyanın  məqsədi Azərbaycanı sovet işğalından azad etmək, kommunistlərin özbaşınalığına son qoymaq idi. Bu üsyan XX əsrdə Azərbaycanın işğalına qarşı baş verən  ən böyük və ən çox itkiyə səbəb olmuş siyasi, hərbi müqavimət hərəkatıdır. Uzun illər  kütləvi müqavimətə  “kortəbii üsyan” deyilsə də, bu rusların bizə inandırdığı yalan idi. Üsyanın təşkilatçıları və istiqamətverici qüvvəsi Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabitləri, əsas rəhbərləri isə Məhəmməd Mirzə Qacar, Cavad bəy Şıxlinski və Cahangir bəy Kazımbəyli olub. Silahlı müqavimət hərəkatında Azərbaycan Ordusunun 1-ci piyada diviziyası, 3-cü Gəncə alayının bölmələri, bir top batareyası, komendant bölüyü, Qaçaq Qəmbərin, Qaçaq MəmmədQasımın və Sarı Ələkbərin partizan dəstələri, digər qaçaqlar və ümumilikdə 10 mindən artıq vətənpərvər döyüşçü iştirak edib.
“Azərbaycan” qəzetinin redaktoru, Ceyhun Hacıbəyli  Gəncə üsyanını belə qiymətləndirirdi:
“Gəncə üsyanı – Millətimizin Şərəf və Namusunun yenidən kəsbi – etibar qazandığı bir dastandır! Gəncədə may ayında tökülən türk qanı 27 aprel hadisəsində millətimizə atılan şərəfsizlik ləkəsini silib götürdü!”
 XI Qırmızı Ordu komandanlığının Gəncəyə əlavə qüvvələr gətirməyi ilə yaranan  qeyri – bərabər güc nəticəsində Gəncə üsyanı xüsusi amansızlıqla yatırılıb.  Həmin günlərdə on mindən artıq vətənpərvər insan, istiqlal fədaisi  şəhid olub. Tədqiqatçıların yazdıqlarına görə, bir həftə ərzində hər iki tərəfdən ümumilikdə təxminən 20 min adam ölüb.
Gəncədə başlanan bu hərəkat  bütün respublika ərazisində zəncirvari şəkildə üsyanlara səbəb olub. Sonradan Tərtərdə, Lənkəranda, Qarabağda, Zaqatalada, Qubada və digər bölgələrdə müxtəlif üsyanlar baş tutsa da, 1924-cü ildə qədər baş verən üsyanlardan heç biri  Gəncə müqaviməti  qədər böyük olmayıb.
Əziz xalqımız,  unutmayaq ki, rus imperiya rejimi hələ məhv olmayıb, Azərbaycanın istiqlalını həzm edə bilmir. Belə çətin dönəmdə hamını birliyə, bərabərliyə və Azərbaycan İstiqlalını göz bəbəyi kimi qorumağa çağırırıq.
Azərbaycan Türk Ocağı