Ukrayna hərbçiləri Rusiya ordusunun hücumlarını bir neçə istiqamətdə dayandırıb

Ukrayna hərbçiləri Rusiya qoşunlarını Toşkovka qəsəbəsi ərazisində geri çəkilməyə məcbur edərək, onların Orexovo – Zolote və Pervomaysk – Zolote, habeləVrubovka – Nikolaevka istiqamətində hücumunu dayandırıb.

Reallıq Tv. xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı qüvvələrinin Baş qərargahı məlumat yayıb.

Gələn informasiyalara əsasən, Seversk istiqamətində, Bryansk və Kursk vilayətlərinin sərhədyanı ərazilərində Ukrayna Müdafiə qüvvələrinin hərəkətlərini məhdudlaşdırmaq üçün ruslar Qərb Hərbi Dairəsinin bölmələrini saxlamaqda davam edir. Bundan başqa, Rusiya burada mühəndis texnikasını təkmilləşdirir, hava kəşfiyyatı aparır.

Xarkov istiqamətində isə rus ordusunun əsas səyləri işğal olunmuş xətləri saxlamaq və Ukrayna qoşunlarının mövqelərini atəşə tutmağa cəmlənib. Bu bölgədə Timofeyevka və Tsapovka yaşayış məntəqələrinə hava zərbələri endirib. Rusiya Federasiyası ərazisindən silah, hərbi texnika və material tədarükü isə davam edir.

Slavyan istiqamətində Rusiya SQ Ukrayna ordusunun Dibrovnoye, Vernopolye, Kurulka, Boqorodiçnı və Dolina yaxınlığındakı bölmələrinin mövqelərini atəşə tutub.

Liman istiqamətində isə ruslar aktiv əməliyyatlar keçirməyib.. Rusiya Prişib qəsəbəsi yaxınlığında hava hücumu və Mayaki yaşayış məntəqəsinə raket zərbəsi endirməklə kifayətlənib.

Severodonetsk istiqamətində ruslar Lisiçansk, Borovskoye, Belaya Qora və Ustinovka yaşayış məntəqələri ərazilərinə, o cümlədən Verxnekamenka bölgəsində raket zərbələri endiriblər. Rusiyanın burada “Orlan-10” pilotsuz uçan aparatları ilə müntəzəm hava kəşfiyyatı apardığı bildirilir.