Ukrayna qaranlığa qərq oldu – Ölkə kosmosdan BELƏ GÖRÜNÜR – FOTO

Rusiyanın oktyabrın 10-dan etibarən Ukrayna infrastrukturunu hədəf alan raket hücumları Avropanın mərkəzində yerləşən 44 milyon əhalisi olan ölkəni bir ay ərzində daş dövrünə qaytarıb.

Musavat.com xəbər verir ki, xüsusilə, noyabrın 23-də Rusiyanın raket hücumları nəticəsində Zaporojye AES istisna olmaqla, digər üç AES-in fəaliyyətini dayandırması Ukraynanı kosmosdan çəkilən “işıq xəritəsi”ndən silib.

ÖLKƏ ZÜLMƏT İÇİNDƏ

NASA-nın kosmosdan çəkdiyi görüntülərdən aydın olur ki, Ukrayna ərazisi tamamən qaranlığa qərq olub. 3 milyon əhalisi olan Kiyevdə isə yalnız bir neçə dövlət binasına 48 saat elektrik verildiyi müşahidə edilib. Paytaxt küçələrini yalnız yoldan keçən maşınlar işıqlandırırıb.

Dünən günorta saatlarında Ukrayna Elektrik İdarəsi Kiyevin əksər hissəsinə elektrik enerjisinin verilməyə başladığını elan edib. Təkcə Kiyev deyil, Xarkov, Xerson, Odessa və Zaporojye də elektrik enerjisinin kəsilməsinin öhdəsindən gəlməyə çalışır.

PUTİNİN YAXIN ADAMINDAN ŞOK AÇIQLAMA

Ukraynanın işğalından sonra Rusiyanın Kiyev və ətrafına endirdiyi hava zərbələri mühüm nöqtələri vurur. Rusiya Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy qışdan əvvəl Rusiyanın Ukrayna elektrik stansiyalarına hücumlarında azalma olmayacağı ilə bağlı açıqlamalar verib.

Putinə yaxınlığı ilə tanınan Tolstoy deyib ki, Ukraynanın infrastrukturu məhv olacaq və Rusiya Ukraynanı 18-ci əsrə qaytaracaq.

ABŞ, Aİ və Böyük Britaniya tərəfindən sanksiyaya məruz qalan rusiyalı deputat Fransanın BFM telekanalına verdiyi açıqlamada Ukraynanın müttəfiqlərini də hədələyib.

O deyib ki, Qərb illərlə davam edəcək müharibəyə hazır olmalıdır.