“Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” qanuna dəyişiklik

Vətən uğrunda döyüşlərə görə ordenlə təltif olunanların adları küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə veriləcək.

Bu dəyişikliklər Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanları, Azərbaycanın Milli Qəhrəmanlarının, Sovet İttifaqı Qəhrəmanlarının, habelə vətən uğrunda döyüşlərə görə ordenlə təltif olunanların adları küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə veriləcək.

Qüvvədə olan qanuna görə, Azərbaycanın Milli Qəhrəmanlarının, Sovet İttifaqı Qəhrəmanlarının və onlara bərabər tutulanların, habelə vətən uğrunda döyüşlərə görə azı iki ordenlə təltif olunanların adları küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.