Xankəndində parad deyil, yürüş
Azərbaycanın Xankəndi şəhərində Rusiya sülhməramlı kontingentinin mayın 9-da Qələbə bayramı münasibətilə parad keçirəcəyi haqda xəbərlər özünü doğrultmadı.
Virtualaz.org xəbər verir ki, Xankəndində parad yox, bayram münasibətilə təntənəli toplantı, mitinq olub. Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, 450-dən çox sülhməramlı Xankəndinin mərkəzi meydanında təntənəli mitinqə toplaşıb və sülhməramlı qüvvələrin komandanı, general-leytenant Rüstəm Muradov hərbçilər qarşısında çıxış edib.
Təntənəli tədbir zamanı orijinalı 1945-ci il mayın 1-də Reyxstaq üzərində qaldırılan Qələbə bayrağı meydana gətirilib. O cümlədən Rusiya müdafiə naziri Sergey Şoyqunun sülhməramlılara bayram videotəbriki nümayiş olunub. Mərasim zamanı 20-dən çox hərbi qulluqçu nümunəvi xidmətə görə mükafatlandırılıb. Daha sonra Rusiya Hava Kosmik Qüvvələrinin mahnı və rəqs ansamblının konserti olub.
Xatırladaq ki, bir neçə gün öncə Azərbaycanın rəsmi orqanları da Rusiya sülhməramlı kontingentinin Xankəndində Qələbə bayramı münasibətilə yürüş ( parad deyil, yürüş – red. ) keçirəcəyi haqda məlumat yaymışdı və dolayısı ilə Rusiya sülhməramlılarının Xankəndində keçirəçəyi yürüşün Azərbaycanın istəkləri çərçivəsində olacağı gözlənilən idi.